Avrokubokların 2026/2027-ci illər mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunları Azərbaycan futbolu tarixinə ən uğurlu həftə kimi düşüb.
Arena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, klublarımızın hər üç oyunda qalib gəlməsi qitəmiqyaslı turnirlər tarixində ikinci belə hadisədir.
UEFA Çempionlar Liqasında “Sabah” TNS-i (Uels) 2:0, Avropa Liqasında “Qarabağ” “Vestri”ni (İslandiya) və Avropa Konfrans Liqasında “Zirə” “Torpedo”nu (Kutaisi, Gürcüstan) eyni – 3:0 hesabı ilə məğlub edib.
Komandalarımız bunadək yalnız bir dəfə həftə ərzində ən azı 3 oyun keçirib və hamısında qalib gəliblər. 2013/2014-cü illər mövsümündə “İnter” “Mariehamn”ı (Finlandiya) 2:0, “Qarabağ” “Metallurq”u (Şimali Makedoniya) və “Xəzər Lənkəran” “Slima”nı (Malta) eyni – 1:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmaların üçü də Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutub və 2013-cü il iyulun 11-də keçirilib.
Azərbaycan futbolu tarixində 13 ildən sonra yenə 3 qələbə əldə olunsa da, bu dəfə daha yaxşı top fərqi qeydə alınıb. 2013-cü ildə qol buraxmayan üç klubumuz 4 qol vurubsa, yenə qapısını toxunulmaz saxlayan təmsilçilərimiz ikiqat çox – 8 dəfə rəqib qapısına yol tapıblar.


