Azəbaycan boksçuları dünya kubokunda 4 qələbəyə imza atdılar

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən gənclər arasında dünya kubokunda mübarizəyə start veriblər. Arena.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin bir boksçusu qələbə qazanıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/8 final çərçivəsində moldovalı Artyom Tolstoyu məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). Avropa çempionatının mükafatçısı növbəti görüşündə bolqarıstanlı Viktorio İliyevlə üz-üzə gələcək.

Yarışın ikinci günündə Azərbaycan millisinin daha 3 boksçusu mərhələ adlayıb.

51 kq çəkidə rinqə çıxan Sübhan Məmmədov 1/8 final çərçivəsində Kris Hippokrata (Fransa) qalib gəlib. O, rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məmmədov növbəti döyüşündə rusiyalı Amin Abdillinlə üz-üzə gələcək.

Məhəmmədəli Aşurəliyev (57 kq) də ilk döyüşünü aktivinə yazıb. Dimo Toniyev (Bolqarıstan) üzərində 5:0 (30:27, 30:25, 30:27, 30:27, 30:25) hesabı ilə qələbə qazanan boksçu 1/4 finalda belçikalı Lorenzo Kamposeo ilə münasibətinə aydınlıq gətirəcək.

Aynur Mikayılova (52 kq) isə artıq özü üçün bürünc medalı təmin edib. O, buna 1/4 finalda Özdəm İrəmi (Türkiyə) 4:1 (30:27, 28:29, 29:28, 29:28, 30:27) hesabı ilə məğlub etməklə nail olub. Mikayılova yarımfinalda Anastasiya Kulla (Rusiya) qarşılaşacaq.

Xatırladaq ki, Azərbaycan yığması 5 gün davam edəcək yarışa 14 idmançı ilə yollanıb. Yarışda hakimlər sırasında Anar Nağdıyev, Fikrət Hacıyev və Elxan Quliyev yer alıb.

25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı turnir martın 19-da başa çatacaq. Azərbaycan boksçuları martın 20-də Bakıya qayıdacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: