Azərbaycan Cüdo Federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırılması prosesini davam etdirir. Arena.az xəbər verir ki, ACF-in lisenziyalaşdırma üzrə orqanının qərarına əsasən daha 36 idman təşkilatına 5 il müddətinə müvafiq lisenziya verilib.
Həmin idman təşkilatları qaydalara əsasən tələb edilən sənədlər paketini tam şəkildə təqdim ediblər. Onların qaydalarda müəyyən edilən meyarlara uyğun olduqları müəyyən edilib.
Bu gün – martın 2-də lisenziyaların təqdim edilməsi mərasimi təşkil olunub. Mərasimdə iştirak edən ACF prezidentinin müşaviri Natiq Bağırov lisenziya əldə edən idman təşkilatlarını təbrik edib. O bildirib ki, klubların və cəmiyyətlərin lisenziyalaşdırılmasının əsas məqsədi Azərbaycanın bütün regionlarında cüdonun hərtərəfli inkişafına töhfə verməkdir. Bağırovun sözlərinə görə, məşqçilər peşəkar səviyyələrini artırmaq üçün ACF-in keçirdiyi seminarlarda və təlimlərdə fəal iştirak etməlidirlər.
Mərasimdə iştirak edən ACF-in İcraiyyə Komitəsinin üzvü Ağayar Axundzadə bildirib ki, artıq ölkədə cüdo yeni inkişaf mərhələsinə keçib. Onun sözlərinə görə, federasiya bu istiqamətdə mühüm işlər görməkdədir. Həmçinin, o klubları fəaliyyətlərinə daha məsuliyyətli yanaşmağa və peşəkar idmançıların yetişdirilməsinə töhfə verməyə çağırıb.
Görüş zamanı bildirilib ki, lisenziya verilmiş idman təşkilatlarının fəaliyyəti vaxtaşırı olaraq monitorinq ediləcək. Müəyyən edilmiş çatışmazlıqlar tövsiyə edilən müddət ərzində aradan qaldırılmasa, federasiya verilmiş lisenziyaların geri çağırılması hüququna malikdir. Daha sonra idman təşkilatlarına müvafiq lisenziyalar təqdim olunub.
Xatırladaq ki, Azərbaycan Cüdo Federasiyası ölkədə fəaliyyət göstərən idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Bu, ACF-in İcraiyyə Komitəsinin 2022-ci ilin avqust ayında təsdiq etdiyi “İdman təşkilatlarının lisenziyalaşdırılması üzrə qaydalar”a uyğun olaraq həyata keçirilir. İlkin mərhələdə 26 dekabr 2022-ci ildə 21 idman təşkilatına lisenziya verilmişdi. Beləliklə, hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 57-yə çatıb.


