Azərbaycan millisi AÇ öncəsi daha 3 sınaq matçına çıxdı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi qarşıdakı Avropa çempionatına hazırlığını tam yekunlaşdırıb.

Arena.az xəbər verir ki, komandamız təlim-məşq toplanışını keçdiyi Sloveniyada son olaraq Macarıstan yığması ilə bir neçə yoxlama oyunu keçirib.

Komandalar ilk olaraq dünən qarşılaşıblar. Bu matç fərqli formatda təşkil olunub. Belə ki, komandalar iki heyətə bölünərək yerdəyişmə əsasında eyni anda fərqli meydanlarda oynayıblar. Bu qarşılaşmaların birində millimiz 3:0 hesabı ilə qəbələ qazanıb, digərində isə 2:3 hesabı ilə uduzub.

Bu gün isə Macarıstanla son oyunumuz baş tutub. Bu, həm də yarış öncəsi son yoxlama matçı olub. Görüş millimizin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iyundan hazırlığa start verən yığmamız bu müddətdə Bosniya və Herseqovina ilə üç (2:2, 3:1 3:1), Belarusla üç (4:0, 3:1, 3:1), Kamerunla bir (2:2), Sloveniya ilə iki (1:3, 3:2) və Macarıstanla üç (3:0, 2:3, 3:1) yoxlama matçı keçirib.

Beləliklə, Azərbaycan millisi qitə birinciliyinə hazırlığı yekunlaşdırıb və sabah yarışda qrup oyunlarımızın keçiriləcəyi Almaniyanın Düsseldorf şəhərinə yola düşəcək.

Xatırladaq ki, Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq. 24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: