Azərbaycan millisi Afinada Avropa üçüncüsü oldu

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisi martın 26-27-də Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa Kubokunda mübarizə aparıb. Arena.az xəbər verir ki, yarışda dünyanın 28 ölkəsindən 300 idmançı iştirak edib.

Azərbaycanı turnirdə bütövlükdə 20 cüdoçu ilə təmsil olunub. Gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov Afinaya bu cüdoçuları aparıb:

Nicat Məmmədli, Nurlan Kərimli, Samir Piriyev (-60 kq), Qasım Vəlizadə, Elvin Bağırov, Aydın Rzayev (-66 kq), Məmmədrza Hacızadə (-73 kq), İsmayıl Zamanov, Məhərrəm İmamverdiyev (-81 kq), Nihad Şıxəlizadə, Vüqar Talıbov (-90 kq), Ruslan Nəsirli, Sabir İsayev (-100 kq), Kənan Nəsibov, Hüseyn Məmmədov (+100 kq).

Gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynovun rəhbərlik etdiyi heyətdə isə bu cüdoçular yer alıb:

Əliyeva Könül, Gülşən Bəşirova (-48 kq), Rita Əliyeva (-52 kq), Səbinə Əliyeva (-57 kq), Nərmin Əmirli (-78 kq).

Bu cüdoçulardan yalnız dördü fəxri kürsüyə qalxa bilib. -81 kq çəki dərəcəsində yarışan Məhərrəm İmamverdiyev finalda ukraynalı rəqibi Stanislav Korçemlyuku məğlub edərək komandamıza ilk qızıl medal qazandırıb. Daha bir cüdoçumuz – 100 kq çəkidə yarışan Ruslan Nəsirli yığmamızın aktivinə gümüş medal yazdırıb.

Turnirdə +100 kq çəkidə yarışan iki cüdoçumuz Hüseyn Məmmədov və Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək finalda bir-birilərilə qarşılaşıblar. Yekunda Kənan Nəsibov qızıl, Hüseyn Məmmədov isə gümüş medal qazanıb.

Beləliklə, komandamız 2 qızıl və 2 gümüş medal ilə Afinada keçirilən Avropa Kubokunda üçüncü yeri tutub. Azərbaycan komanda hesabında yalnız İsrail (4 qızıl, 1 gümüş, 4 bürünc) və Türkiyədən (2 qızıl, 3 gümüş, 3 bürünc) geri qalıb.

Oğlanlardan ibarət Azərbaycan millisi isə turniri ikinci yerdə yekunlaşdırıb. Komandamız bu baxımdan yalnız İsraildən (3 qızıl, 1 bürünc) geri qalıb.

Avropa Kubokunda Azərbaycan Cüdo Federasiyasının beynəlxalq dərəcəli hakimləri Arzu Acalova və Məhəmmədəli Quluzadə də ölkəmizi hakim qismində təmsil edib. Azərbaycan Respublikasının Yunanıstankı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və səfirliyin digər əməkdaşları da cüdoçularımıza dəstək olublar. Səfir qaliblərin mükafatlandırma mərasimində də iştirak edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: