Azərbaycan millisi Avropa çempionatında hamıdan güclü oldu

Portuqaliyanın Odivelas şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa çempionatında bu gün fərdi yarışlara yekun vurulub.

Arena.az xəbər verir ki, bu yarışda Azərbaycan 13 çəki dərəsində 10 oğlan və 7 qız cüdoçu ilə təmsil olunub.

Avropa çempionatının üçüncü günündə son 2 cüdoçumuz mübarizəyə qoşulub. Oğlanlar arasında 81 kq-da Aslan Kotsoyev və +90 kq-da Ramazan Əhmədov medallar uğrunda mübarizə aparıblar.

Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kotsoyev isə qitə birinciliyini medalsız başa vurub.

Bu, Azərbaycanın Avropa çempionatında qazandığı sayca 9-cu medal olub. Cüdoçularımız çempionatda ümumilikdə 6 qızıl və 3 bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.

Xatırladaq ki, daha öncə Əbil Yusubov, Məhəmməd Məmişov, Mirxaliq İskəndərov, Məhəmməd Musayev və Vüsalə Hacıyeva da Avropa çempionu olmuşdular. Əhməd Rüstəmov, Mehdi Cəfərov və Xədicə Qədəşova isə bürünc medalla kifayətləniblər.

Avropa çempionatında cüdoçularımıza yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edir.

Bu Avropa çempionatı iyunun 25-də baş tutacaq komanda yarışı ilə yekunlaşacaq. Sabah fərdi yarışlarda mübarizə aparmış cüdoçularımıza Xanəhməd Şərifov, Əli Qazıməmmədov və Eldar Əliyev da qoşulacaqlar. Onlar birbaşa komanda yarışında mübarizəyə aparacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: