Azərbaycan millisi Buxarestdə Avropa çempionu oldu

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının qalibi olub. Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində yunan-Roma güləşi üzrə mübarizəyə yekun vurulub.

Məhəmməd Qasımzadə Avropa çempionatının qalibi olub. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda gürcüstanlı Avtandil Mamaladze ilə üz-üzə gəlib. Rəqibini tam üstünlüklə (9:1) yenən Qasımzadə qitə birinciliyinin qızıl medalını qazanıb.

Medal görüşünə çıxan digər təmsilçilərimizdən Hüseyn Savadov (45 kq) rumıniyalı Yonut Mereutaya qalib gələrək Avropa çempionatının bürünc mükafatını boynundan asıb.

Finalda mübarizə aparan Vədat Qasımlı (51 kq) və Davud Məmmədov (71 kq) isə “gümüş”lə kifayətləniblər. Vədat Anri Xozrevanidzeyə (Gürcüstan), Davud İbrahim Özdemirə (Türkiyə) uduzub.

Beləliklə, Azərbaycan yunan-Roma güləşi millisi qitə birinciliyini 2 qızıl, 5 gümüş, 1 bürünc medalla başa vurub. Xatırladaq ki, daha əvvəl Fəraim Mustafayev (55 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olmuşdu. Elvin İbadov (48 kq), Seymur Qasımov (65 kq) və İsmayıl Rzayev (80 kq) isə fəxri kürsünün ikinci pilləsinə yüksəlmişdilər.

Bu nəticələrdən sonra Azərbaycan millisi həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb. Qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayevlə Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançıdan 8-i fəxri kürsüyə qalxıb. Beləliklə, 2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xal toplayaraq aşkar üstünlüklə Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub.

Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: