8-9 apreldə Çexiyanın Teplitse şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku Azərbaycan millisi üçün uğurlu alınıb. Arena.az xəbər verir ki, yığmamız 39 ölkədən 948 idmançının iştirak etdiyi yarışı komanda hesabında birinci pillədə başa vurub.
Cüdoçularımız turnirin ilk günündə 7 medal qazanıblar. İlk gündə 8 çəki dərəcəsində 18 cüdoçumuz tatamiyə çıxıb. İdmançılarımız yekunda 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər. Qızlar arasında Vüsalə Hacıyeva (-48 kq) və Xədicə Qədəşova (-52 kq) bürünc medal qazanıblar. Aytən Verdiyeva (-52 kq) isə 7-ci yeri tutub.
Oğlanlar arasında -55 kq çəki üzrə final görüşündə iki cüdoçumuz Ayxan Mirzəzadə və Fərid Qarayev qarşılaşıb. Yekunda Fərid qızıl, Ayxan gümüş medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Mirxaliq İskəndərov bürünc medala sahib olub.
Məhəmməd Musayev (-60 kq) və Əbil Yusubov (-66 kq) da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Turnirin ikinci günündə isə oğlanların yarışında Süleyman Şükürov (-73 kq), Aslan Kotsoyev (-81 kq) və Ramazan Əhmədov (+90 kq) bütün rəqiblərini məğlub edərək komandamızın aktivinə 3 qızıl medal yazdırıblar. Hüseyn Eyvazlı (-81 kq) bürünc medala sahib olub.
-73 kq-da yarışan cüdoçular – Allahverdi Səmədov 5-ci, Mehdi Abbasov 7-ci yerdə qərarlaşıblar. Tuncay Şamil (-90 kq) də 7-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycan cüdoçuları Avropa kubokunda bütövlükdə 6 qızıl, 1 gümüş və 4 bürünc medal əldə ediblər. Azərbaycan millisi yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.
Xatırladaq ki, yığmamız bu yarışda 14 çəki dərəsində 20 oğlan və 8 qız cüdoçu ilə təmsil olunub. Yarışda Azərbaycan Cüdo Federasiyasının B kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov da ədalət təmsilçiləri arasında yer alıb.
Komandamız Avropa kubokundan dərhal sonra Azərbaycana qayıtmayacaq. Belə ki, idmançılarımız 10-11 apreldə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.


