Azərbaycanın futzal millisi yunanları yendi, elit-raunda yüksəldi!

Azərbaycanın futzal millisi bu gün DÇ-2024-ün əsas seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, komandamız doğma meydanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Oyundan əvvəl yığmamızdakı çıxışını başa vuran Vitali Borisova milli komandanın forması hədiyyə edilib. Hədiyyəni AFFA-nın baş katibi Sərxan Hacıyev və Azərbaycan Futzal Federasiyanın prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təqdim ediblər.

Yunanıstan millisi Larisa şəhərində baş vermiş məlum qatar qəzasında dünyasını dəyişənlərin xatirəsinə ehtiram olaraq meydana qara sarğı ilə çıxmışdı.

Xatırladaq ki, komandamız bu rəqiblə səfər matçında 7:0 hesablı qələbəyə sevinmişdi. Afinadakı oyunla müqayisədə rəqibin heyətində bu dəfə 6 dəyişiklik edilmişdi.

Bakı İdman Sarayında baş tutan oyun da millimizin üstünlüyü şəraitində keçib. Fasiləyə qədər rəqib qapısından 3 cavabsız top keçirən futzalçılarımız ikinci hissədə rəqiblə eyni sayda qol vursa da, meydanı 3 xalla tərk etməyi bacarıb.

Bu qələbə sayəsində aktivindəki xalların sayını 9-a çatdıran Azərbaycanın futzal millisi elit-raunda vəsiqəni təmin edib. Yığmamız növbəti oyununu martın 7-də səfərdə Polşa yığmasına qarşı keçirəcək.

DÇ-2024-ün əsas seçmə mərhələsi
6-cı qrup
3 mart

Azərbaycan – Yunanıstan 5:2
Qollar: Eduardo Borges, 2:23. Seiti Ensi, 8:30-öz qapısına. Rafael Vilela, 11:24. Felipinyo, 20:57. Amadeu, 31:20 – Seiti Ensi, 23:47. Marios Ntatis, 26:27.
Hakimlər: Eduardo Fernandes Koelyo, Kristiano Santos, Felipe Qonsalo Santos Duarte (Hamısı Portuqaliya).
Timekeeper: Ceyhun Hüseynov.
Hakim-inspektor: Edi Sunjiç (Xorvatiya).
UEFA nümayəndəsi: Haugen Kim Robin (Norveç).
Bakı İdman Sarayı. Saat 20:00.

Azərbaycan: 1. Emin Kürdov (k), 6. Eduardo Borges, 9. Rafael Vilela, 14. Amadeu, 10. Felipinyo, 12. Rövşən Hüseynli, 4. Xəzər Ağalızadə, 3. Tyaqo Bolinya, 5. Fineo, 7. Ramiz Çovdarov, 17. İsa Atayev, 11. Xətai Bağırov, 13. Qallo, 16. Hadi Ahmadi.
Baş məşqçi: Joze Alesio Da Silva.

Yunanıstan: 1. Dimitris Zervas, 4. Seiti Ensi, 5. Lampros Tsinas, 7. Spiridon Kondilatos, 15. Spiridon Papakostas, 12. Vasileyos Felios, 3. Alekandros Adamopulos, 6. Emmanuil Tsepas, 8. Panayotis Qusis, 9. Axilleas Floros, 10. Marios Ntatis, 11. Antonios Manos (k), 14. Panayotis Qriqorakos, 16. Dimitrios Karidas.
Baş məşqçi: İoannis Ziavas.

Xal: Azərbaycan – 9. Polşa – 6. Yunanıstan – 0.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: