Babək Quliyev “Ludoqorets” – “Hapoel” matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyununa təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bildirilir ki, Babək Quliyev Avropa Konfrans Liqasının 2026/2027-ci illər mövsümünün 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Ludoqorets” (Bolqarıstan) – “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Sözügedən qarşılaşma Razqard şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq. İyulun 30-da keçiriləcək oyuna Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Sayat Karabayev olacaq. Ona yan xətt hakimləri Aleksey Dolqix və Sergey Kalaçyov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Georgi Çexovski yerinə yetirəcək.

Xatırladaq ki, bu komandalar arasındakı ilk oyun sabah keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 22:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: