Fevralın 16-da Milli Gimnastika Arenasında Bakıda təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinin təntənəli açılış mərasimi baş tutub.
Arena.az xəbər verir ki, açılış mərasimində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva və Azərbaycan Cüdo Federasiyasının Prezidenti Rəşad Nəbiyev iştirak ediblər.
Mərasimdə Mariana Vasileva, Rəşad Nəbiyev və Marius Vizer çıxış ediblər, Azərbaycanda cüdonun inkişafından söz açıblar, idmançılara uğurlar arzulayıblar. Marius Vizer Gənclər və İdman Nazirliyinə, eləcə də Azərbaycan Cüdo Federasiyasına təşəkkürünü bildirib. O, yeni yaradılmış Cüdo Təlim Mərkəzinin BCF tərəfindən müsbət qarşılandığını vurğulayıb. Vizer bu mərkəzin cüdonun inkişafına əhəmiyyətli töhfə verəcəyinə nikbin olduğunu deyib.
Rəsmi çıxışlardan sonra arenada Azərbaycan Respublikasının və Beynəlxalq Cüdo Federasiyasının himnləri səslənib.
Qeyd edək ki, üç gün davam edəcək “Böyük Dəbilqə” turnirində 62 ölkədən 404 iştirakçı mübarizə aparacaq.
Yarışın ilk günündə Azərbaycan yığmasının 16 cüdoçusu mübarizə aparıb. Onlardan 8-i qadın, 8-i isə kişi cüdoçu idi. Cüdoçularımızdan yalnız ikisi günü medalla başa vura bilib.
İlk medal Balabəy Ağayevdən gəlib. O, bürünc medal qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.
Digər cüdoçumuz Yaşar Nəcəfov da Bakıdakı turnirdə bürünc medal qazanıb. 66 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 3-cü yer uğrunda görüşdə Villian Limanı (Braziliya) məğlub edib.
Daha iki cüdoçumuz – Rəşad Yelkiyev (66 kq) və Aydan Vəliyeva (52 kq) isə 3-cü yer uğrunda görüşdə rəqiblərinə məğlub olublar.
Leyla Əliyeva (48 kq), Könül Əliyeva (48 kq), Ramilə Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Xədicə Qədəşova (52 kq), Fidan Əlizadə (57 kq), Açelya Toprak (57 kq), Turan Bayramov (60 kq), Əhməd Yusifov (60 kq), Nazir Talıbov (60 kq) və İslam Rəhimov (66 kq) mübarizəni daha erkən dayandırıblar. Kamran Süleymanov (66 kq) isə zədə səbəbindən ümumiyyətlə yarışmayıb.


