Bakıda təşkil olunmuş və fevralın 14-də start götürmüş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın 9 cüdoçusu tatamiyə çıxıb.
Təəssüf ki, onların heç biri medal qazana bilməyib.
Kişilər
90 kq
Tuncay Şamil ilk mərhələdə Didar Xamzaya (Qazaxıstan), Əli Qazıməmmədov isə Fabian Kansiyə (Almaniya) məğlub olublar.
100 kq
Davud Namazlı ilk mərhələdə Niyaz Bilalova (IJF) uduzub.
Rəqibi Karamnob Saqaipovun (Livan) tatamiyə çıxmaması üzündən mübarizəsiz növbəti mərhələyə çıxan Əjdər Bağırov isə Dota Araiyə (Yaponiya) məğlub olsa da, bürünc mükafat uğrunda yarışıb. Bu yolda Rustam Şoraxmatovu (Özbəkistan) mübarizədən kənarlaşdıran Bağırov sonra Niyaz Bilalova (IJF) uduzaraq medalsız qalıb.
+100 kq
Camal Feyziyev Yerassil Kajıbayevə (Qazaxıstan), Ramazan Əhmədov isə İbrahim Tataroğluya (Türkiyə) məğlub olublar.
Digər iki cüdoçumuz isə ilk mərhələdə qələbə qazanıb. Uşanqi Kokauri Movli Borçaşviliyə (Avstriya), Kənan Nəsibov isə Yevgeni Balyevskiyə (Ukrayna) qalib gəlib. 1/4 finalda Kokauri Saba Geoinaneişviliyə (Gürcüstan), Nəsibov isə Hyoqa Otaya (Yaponiya) uduzublar. Nəticədə cüdoçularımız bürünc medal uğrunda yarışda bir-birilərinə rəqib olublar. Bu mübarizədən qalib ayrılan Nəsibov sonra Kanta Nakanoya (Yaponiya) uduzaraq mükafatçı olmaq şansını qaçırıb.
Qadınlar
+78 kq
Nigar Süleymanova ilk mərhələdə Kristina Homana (Ukrayna) məğlub olub.
Beləliklə, Azərbaycan cüdoçuları 2025-ci ilin doğma meydanda baş tutan “Böyük Dəbilqə” turnirini 5 mükafatla yekunlaşdırıblar. Əvvəlki günlərdə Zelim Tçkayev (81 kq) qızıl, Rəşid Məmmədəliyev (73 kq) gümüş medal qazanmışdılar. Əhməd Yusifov (60 kq), Elşən Əsədov (66 kq) və Vüsal Qələndərzadə (73 kq) isə bürünc medala sahib çıxmışdılar.
Xatırladaq ki, Milli Gimnastika Arenasında keçirilmiş bu yarışa ümumilikdə 36 ölkədən 258 idmançı qatılmışdı.


