Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat üzrə “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalına yekun vurulub. Arena.az xəbər verir ki, ötən gün festivalın bağlanış mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov ölkə şahmatının inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xatırladıb.
Yarışın yüksək səviyyədə keçirildiyini bildirən Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov qalibləri təbrik edib, onlara gələcək turnirlərdə uğurlar arzulayıb.
“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının baş hakimi Faiq Həsənov festivalda 32 qrossmeysterin mübarizə apardığını bildirib. O, bütün qruplarda gərgin mübarizənin şahidi olduqlarını söyləyib.
C qrupu üzrə qaliblərə sertifikatlar və hədiyyələr təqdim edilib. Festivalın C turnirində hər yaş qrupunda qalib olan şahmatçıların Rumıniyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına ezam olunacağı barədə məlumat verilib.
B qrupunda 7.5 xalı olan Akaki Qaliçava (Gürcüstan) üçüncü olub. 8 xal toplayan Fariz Əhmədov ikinci pillədə qərarlaşıb. Eyni xala malik Eldar Musayev əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb.
A qrupunda qadınların yarışında milli komandanın üzvü Xanım Balacayeva ikinci yerə layiq görülüb. Bolqarıstan təmsilçisi Nurgül Səlimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Turnirin A kateqoriyasında Hindistan şahmatçısı Leon Luke Mendonca 7 xalla yarışın qalibi adını qazanıb. 7 xala malik digər şahmatçılar Aleksandr İndjic (Hindistan) və Vladislav Kovalyov (FIDE) əlavə əmsallara görə müvafiq olaraq ikinci-üçüncü yerləri bölüşdürüblər.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 55 000 ABŞ dolları təşkil edib. Yarışın A qrupunun qalibi olan şahmatçı 12 min ABŞ dolları və xüsusi hazırlanan kuboka sahib çıxıb.
İlqar Xələfov Azərbaycan çempionu oldu
“Baku Open 2023” Beynəlxalq Şahmat Festivalı çərçivəsində keçirilən veteranlar arasında şahmat üzrə Azərbaycan çempionatına da yekun vurulub. 9 turdan ibarət yarışda 6.5 xal toplayan Fikrət Sideifzadə üçüncü yeri tutub. 7 xalı olan Asəf Abdullayev turniri ikinci pillədə başa vurub. Maksimum nəticə göstərən İlqar Xələfov (9 oyun və 9 qələbə) isə veteranlar arasında Azərbaycan çempionatının qalibi olub.
Xatırladaq ki, Azərbaycan çempionatında yaşı 60-dan yuxarı olan 36 veteran şahmatçı iştirak edib.