Baş məşqçisiz “Sumqayıt” hazırlıq planını açıqladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt” komandası bu gündən etibarən 2026/2027 mövsümünün hazırlığına start verib.

Arena.az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, komanda məşqlərini iyulun 24-nə qədər “Sumqayıt Arena”da keçirəcək. Ayın 25-də isə komanda Qəbələyə yola düşərək hazırlığın ikinci mərhələsini burada davam etdirəcək.

Avqustun 8-nə qədər davam edəcək təlim-məşq toplanışı müddətində 4 yoxlama görüşü nəzərdə tutulub. Komanda iyulun 26-da “Kəpəz”, 30-da “Şamaxı”, avqustun 3-də “İmişli” ilə üz-üzə gələcək. Avqustun 7-də isə Qətərin “Əl-Xaraitiyat” kollektivi ilə yoxlama oyunu nəzərdə tutulub.

“Sumqayıt” Azərbaycan Premyer Liqasında 2025/2026-cı illər mövsümünü 41 xalla 12 iştirakçı arasında 7-ci pillədə başa vurub. Saşa İliçin rəhbərliyi altında 33 oyunda 12 qələbə qazanıb, 5 heç-heçə etmiş komanda 16 məğlubiyyətə üzülüb. Mövsüm bitən kimi İliçlə yollarını ayırmış klub hələ yeni baş məşçqçi seçimini açıqlamayıb. Amma göründüyü kimi, klub rəhbərliyi yeni baş məşqçi olmadan yeni mövsümə bütün hazırlıq planlarını müəyyənləşdirib. Bu da sözügedən klubun necə “yüksək səviyyədə” və “peşəkarcasına” idarə olunduğunu bariz şəkildə sübut edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: