Bellingem “Real”ın gələcək kapitanı olacaq? – Ançelotti cavabladı

“Real”ın baş məşqçsisi Karlo Ançelotti “qaymaqlılar”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem ilə bağlı sualı cavablayıb.

Arena.az məlumat verir ki, italyan mütəxəssis 21 yaşlı Bellingemin gələcəkdə “Real”ın kapitanı ola biləcəyinə əminliyini vurğulayıb:

“Cud fərdiliyi, xasiyyəti, əla təhlili ilə səciyyəvidir. Şübhəsiz, o indinin və gələcəyin aparıcı oyunçusu ola bilər. Cud elə gəncdir ki, o, uzun illər ərzində “Real”ın açar oyunçusu olacaq. Mən buna yüz faiz əminəm” – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano baş məşqçi Karlo Ançelottidən sitat gətirir.

Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində 103 milyon avro məbləğ müqabilində Dormund “Borussiya”sından keçib. Hücumameylli yarımmüdafiəçi İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə Bellingem “Real” üçün bütün yarışlarda 32 oyun keçirib, 11 qol vurub, 10 məhsuldar ötürmə verib.

İngilis yarımmüdafiəçinin “Real”ın heyətində çıxışının ümumi mənzərəsi 75 oyun, 34 qol və 23 məhsuldar ötürmədən ibarətdir.

Bellingem “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024), UEFA Super Kubokunun (2024), FIFA Qitələrarası Kubokun qalibi olub.

Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: