Belyerin kişi və qadın futbolunda maaşı bərabərləşdirməyə çağırdı

“Betis”in ispan sağ cinah müdafiəçisi Ektor Belyerin kişi və qadın futbolunda maaşların bərabərləşdirilməsinə dair çağırış edib.

Arena.az “Infobae” dərgisinə istinadən, təcrübəli futbolçunun bu barədə fikirini təqdim edir:

“Mən belə düşünürəm ki, bu, çox zəruridir. Bildiyim, istədiyim və ədalətli olan odur ki, hamımız eyni qazanaq, bərabər peşəkar olaq, bərabər hüquqlarımız olsun və bərabərlik olsun. Bunu necə edək? Mən hələ bunu bilmirəm”, deyə Belyerin vurğulayıb.

Sosial şəbəkələrdə Belyerinin avazından “sosializm” iyi gəldiyi, “kommunizm” qoxuduğu haqda baməzə rəylər peyda olub. Feminist cərəyanın nümayəndələrinin də argentinalı futbolçunu bu sözlərinə “bəyənmə” atdığı vurğulanır.

Xatırladaq ki, Belyerin “Barselona”nın yetirməsidir. O, 2011-ci ilin yayında, 16 yaşı olarkən 500 min avro qarşılığında İngiltərənin “Arsenal” klubuna satılıb. Müdafiəçi 10 ildən çox formasını geyindiyi London təmsilçisində bütövlükdə 239 oyuna çıxıb və 9 qola imza atıb. O, 2013/14 mövsümündə İngiltərənin “Uotford” klubunda icarədə olub. Müdafiəçi 2021/22 mövsümünü də məhz indiki klubu “Betis”də icarədə keçirib, həmin mövsümdə İspaniya Kubokunu qazanıb. 2022-ci ilin yayında isə Belyerin 11 illik fasilədən sonra yetirməsi olduğu “Barselona”ya qayıdıb. Kataloniyada cəmi yarım mövsüm duruş gətirən futbolçu 2023-cü ilin əvvəlində “Sportinq”ə üz tutmuşdu. Amma o, yarım mövsüm oynadıqdan sonra Lissabon təmsilçisindən də ayrılıb və “Betis”ə keçib. Müdafiəçi geridə qalan mövsümdə 30 oyun keçirib, 1 məhsuldar ötürmə müəllifi olub.

Hektor Belyerin 2016-2020-ci illərdə İspaniya yığmasında çıxış edib, “qırmızılar”ın heyətində 4 oyuna çıxaraq məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 29 yaşlı Belyerini 4 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: