Bu gün finalda “Trabzonspor”u məğlub edən “Beşiktaş” futbol üzrə Türkiyə Kubokunda 2023/2024 mövsümünün qalibi olub.
Arena.az xəbər verir ki, sözügedən komandalar İstanbuldakı Atatürk Olimpiya Stadionunda üz-üzə gəliblər.
Beş qolun qeydə alındığı oyun “Beşiktaş”ın qələbəsiylə yekunlaşıb. Hesabı 13-cü dəqiqədə trabzonlular açıblar. İlk hissənin sonunda bərabərlik qolunu vuran İstanbul nəhəngi fasilədən sonra önə keçməyi də bacarıb. 89-cu dəqiqədə Trabzon klubu məğlubiyyətdən qaçmağı bacarıb. Amma əlavə edilmiş təzminat dəqiqələrində daha bir qol vuran “qara qartallar” ölkə kubokunun qalibi olublar – 3:2.
Bu, İstanbul klubunun tarixində 11-ci Türkiyə Kubokudur. “Qara qartallar” daha öncə 1975, 1989, 1990, 1994, 1998, 2006, 2007, 2009, 2011 və 2021-ci illərdə də bu turnirin baş mükafatına sahib çıxmışdılar. Türkiyə Kubokunda rekord isə 18 dəfə titul qazanmış “Qalatasaray”a aiddir. Bu dəfə finalda uduzan “Trabzonspor” 9 dəfə kubokun qalibi olub.
Türkiyə Kuboku
Final
23 may
Beşiktaş – Trabzonspor 3:2
Qollar: R.Gezzal, 45+3. S.Uçan, 54. Əl Musrati, 90+4 – P.Onuaçu, 13. N.Pepe, 89.
Beşiktaş: Mert Günok, Yonas Svensson, Necip Uysal (Co Uorrall, 90+7), Omar Kolli, Artur Masuaku, Əl Musrati, Salih Uçan, Jedson Fernandes, Rəşid Gezzal (Milot Raşiça 64), Ernest Muçi (Semih Kılıçsoy, 90+7), Cekson Muleka (Vensan Abubakar, 75).
Trabzonspor: Uğurcan Çakır, Toma Mönye, Batista Mendi, Stefano Densvil, Eren Elmalı, Berat Özdemir (Nikolya Pepe, 68), Umut Günəş (Umut Bozok, 83), Edin Vişça, Enis Bardi, Taksiarxis Funtas (Trezeqe, 55), Pol Onuaçu.


