Boks üzrə Azərbaycan millisi Sofiyaya yollandı

Boks üzrə kişilərdən ibarət Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiya şəhərinə yollanıb. Arena.az xəbər verir ki, yığmamız burada təlim-məşq toplanışına qatılacaq.

Baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında Sofiyaya yığmanın 15 üzvü aparılıb. Hazırlıqda Tural Sarıyev (48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) iştirak edəcəklər.

Boks üzrə Azərbaycan millisi Bolqarıstanda toplanışın ev sahibləri, Moldova, Fransa, İordaniya və Rumıniya yığmaları ilə birgə hazırlıq keçəcək. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub. Bu toplanış qarşıdakı dünya çempionatına hazırlıq məqsədi daşıyır. Mundial mayın 1-14-də Özbəkistanın paytaxtı Daşkənddə baş tutacaq.

Bu gün start götürəcək hazırlıq aprelin 23-nə qədər davam edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: