Rusiyanın Anapa şəhərində təşkil edilmiş və Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir başa çatıb.
Arena.az xəbər verir ki, 22 yaşadək kişi və qadın boksçular arasında keçirilən bu yarışda Azərbaycan millisi 6 medal əldə edib.
Komandamızın heyətində Zeynəb Rəhimova qalib adına layiq görülüb. 54 kq çəkidə çıxış edən idmançımız finalda rusiyalı Ulyana Savronu məğlub edərək, qızıl medala yiyələnib.
Yığmamızın digər boksçularından Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) bürünc mükafata sahib olublar.
Xatırladaq ki, boks yığmamız bu turnirə bütövlükdə 14 idmançı ilə yollanmışdı. Kişi boksçular yarışda məşqçilər Elbrus Rzayev və Ravşan Xocayevin rəhbərliyi altında mübarizə aparıblar. Rusiyada ölkəmizi Tural Sarıyev (48 kq), Həsən Məlikov (51 kq), Nicat Hüseynov (54 kq), Əzrək Bəbirov (57 kq), Maqsud Xasmetov (60 kq), Cəlal Qurbanov (63,5 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq), Murad Allahverdiyev (80 kq) və Rəşid Məmmədov (86 kq) təmsil ediblər.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Yadigar Məmmədov isə turnirdə Mehparə Məmmədova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq) və Lalə Namazlını (63 kq) sınayıb.
Azərbaycanı yarışda beynəlxalq dərəcəli referi Emil Qurbanəliyev də təmsil edib.
Komandamız sabah – sentyabrın 26-da Bakıya qayıdacaq.
Sonda onu da qeyd edək ki, bu yarış U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyırdı.


