Niderland nəhəngi “Ayaks”ın xorvat sol cinah müdafiəçisi Borna Sosa bundan sonra “Torino”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə İtaliya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Turin təmsilçisi 26 yaşlı futbolçunu icarə müqaviləsi əsasında öz düşərgəsinə qatıb. İcarə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Sosa Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvat müdafiəçi karyerası ərzində “Ştutqart” və “Ayaks”da çıxış edib.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Sosa “Ayaks”ın heyətində 25 oyun keçirib, 5 məhsuldar ötürmə verib.
Borna Sosa 2021-ci ilin sentyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 21 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.
Sosanın qənimətlər muzeyində Zaqreb “Dinamo”su ilə qazandığı Xorvatiya çempionluğu (3 dəfə) və Xorvatiya Kuboku (2 dəfə) var.
“Transfermarkt” internet-portalı 26 yaşlı sol cinah müdafiəçisinin transfer dəyərini 7,5 milyon avro məbləğində qiymətləndirir.


