Bakıda keçirilən və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.
Arena.az xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycanın daha 10 cüdoçusu mübarizəyə qoşulub.
Belə ki, bu gün 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, +100 kq-da isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşanqi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxıblar. Lakin onların əksərinin çıxışı uğursuz alınıb.
Yalnız Murad Fətiyev, Zelim Kotsoyev və İmran Yusifov medal görüşlərinə qatılmaq şansı əldə ediblər. Onlar müvafiq olar Türkiyə təmsilçisi Mixael Zqank, xorvatiyalı Zlatko Kumriç və qazaxıstanlı Yerassul Kazhubayevlə üz-üzə gəliblər. Muradla İmranın bürünc medal uğrunda görüşləri də uğursuz yekunlaşıb. Zelim Kotsoyev isə üçüncü yer uğrunda mübarizədə Zlatko Kumrikə qarşı “kosoto-gake” fəndi işlədərək ippon ilə parlaq qələbə qazanıb. Bununla da Azərbaycan cüdoçularının qazandığı medalların sayı 5-ə çatıb.
Xatırladaq ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) “Böyük Dəbilqə”nin qızıl medalını qazanmışdılar. Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə etmişdi.
Bununla da sentyabrın 22-də başlamış Bakıdakı “Böyük Dəbilqə” turniri başa çatıb. Cüdoçularımız tunirdə ümumilikdə 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci, qadınlar arasında isə 11-ci yeri tutub. Yarışda medal əyarına görə Gürcüstan idmançıları ikinci yerdə, Yaponiya yığması isə üçüncü yerdə qərarlaşıb.
Milli Gimnastika Arenasında baş tutan turnirdə 61 ölkədən 446 cüdoçu medallar uğrunda mübarizə aparıb. Azərbaycanın cüdo üzrə milli komandası yarışda 11 çəki dərəcəsində 26 kişi və 7 qadın idmançı ilə təmsil olunub.


