Bakıda keçirilən və Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə qadınlar arasında 70 kq çəki dərəcəsində Azərbaycanın 2 cüdoçusu mübarizəyə qoşulubsa, kişilər arasında 73 və 81 kq çəki dərəcələrində 8 cüdoçusuz medallar uğrunda mübarizə aparıb.
Azərbaycan cüdoçularından ikisi günü qızıl medalla başa vurub. Belə ki, 73 kq-da mübarizə aparan cüdoçumuz Hidayət Heydərov final görüşündə Moldova təmsilçisi Petru Pelivana ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
81 kq-da isə Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşıb. Zelim əsas vaxtda rəqibini “vaza-ari” xalı ilə məğlub edərək qızıl medala sahib olub.
Xatırladaq ki, Bakıdakı “Böyük Dəbilqə”nin ilk yarış günündə Yaşar Nəcəfov (66 kq) da qızıl medal qazanmışdı. Qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medala yiyələnmişdi.
“16 illik həsrətə son qoymaq istəyirəm”
Yeri gəlmişkən, bu gün çempionluq sevinci yaşayan Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasına müsahibə verib. Karyerasında 5-ci dəfə “Böyük Dəbilqə”ni qazanan cüdoçumuz bunları söyləyib:
“Öz ölkəmdə mən həmişə böyük dəstək hiss edirəm. Bu, mənə enerji verir və daha da həvəsləndirir. Mən heç bir zaman stress hiss etmirəm, əksinə, ilhamla mübarizə aparıram. Burada nəinki özümün, həm də pərəstişkarlarımın ümidlərini doğrultmağa və onları sevindirməyə çalışıram.
Bir vaxtlar mən də tribunalarda azarkeşlik edirdim, çempionlarımız – Elnur Məmmədli ilə Elxan Məmmədovun döyüşlərinə baxırdım. İndi mən millinin lideriyəm və ikiqat məsuliyyət hiss edirəm. Arzum budur ki, gənc nəsil özlərinə inansın, məşq etməyə davam etsin və dünya şöhrətli idmançılar yetişsin.
İndi bütün diqqət Olimpiadaya hazırlığa yönəlib. Qarşıda hələ Avropa çempionatı olacaq, mən burada yenidən qalib olmaq istəyirəm, lakin Yay Olimpiya Oyunları xüsusi vacibdir. Azərbaycan cüdosunda 16 illik Olimpiya qızıl medal həsrətinə son qoymaq üçün əlimdən gələni edəcəyəm”.


