Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunmuş “Böyük Dəbilqə” turnirini 4 medalla başa vurublar.
Arena.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisinin daha dörd üzvü medal qazanmağa çalışıb.
Kişilər arasında -90 kq çəkidə Elcan Hacıyev və Vüqar Talıbov, +100 kq çəkidə isə Uşanqi Kokauri və Camal Qamzatxanov güclərini sınayıblar. Onlardan ikisinin çıxışı daha uğurlu alınıb. Belə ki, Elcan Hacıyevlə Uşanqi Kokauri fəxri kürsüyə yüksəliblər. Onların hər ikisi yalnız finalda uduzaraq gümüş medal qazanıblar.
Xatırladaq ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kq) ilə Ruslan Paşayev (66 kq) üçüncü olmuşdular. İkinci yarış günündə mübarizə aparmış cüdoçularımız isə medalsız qalmışdılar.
Azərbaycanı “Böyük Dəbilqə” turnirində 9 çəki dərəcəsində 11 kişi, 4 qadın cüdoçu təmsil edib. Cüdoçularımıza mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Slavko Tekiç və Rüstəm Alimli və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edib.


