“Böyük Dəbilqə”: Ulan-Batorda cəmi bir medal

Bu gün Monqolustanın paytaxtı Ulan-Bator şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə yekun vurulub.

Arena.az xəbər verir ki, üç gün davam edən turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı mübarizə aparıb.

Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu (10 kişi, 3 qadın) ilə təmsil olunub.

Yarışın sonuncu günündə tatamiyə çıxan beş idmançımızdan ikisi medal görüşündə qüvvəsini sınayıb. 100 kq-da Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri bürünc mükafat qazanmaq şansını əldən verib. Onlar 3-cü yer uğrunda qarşılaşmada, müvafiq olaraq, rusiyalı Arman Adamyan və monqolustanlı Tsetsentsengel Odxuuya uduzublar.

Murad Fətiyev, Elcan Hacıyev (hər ikisi -90 kq) və Camal Qamzatxanovun (+100 kq) çıxışı isə ümumiyyətlə uğursuz alınıb.

Beləliklə, Azərbaycan yığması Ulan-Batordakı “Böyük Dəbilqə”ni bir medalla başa vurub. Komandamıza yeganə medalı Yaşar Nəcəfov qazandırıb. İlk yarış günündə 66 kq-da mübarizə aparan cüdoçumuz bürünc medala sahib çıxıb.

Xatırladaq ki, cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış ediblər.

İdmançılarımız 26 iyun – 1 iyul aralığında Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.

Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də “Böyük Dəbilqə” turnirinin ədalət təmsilçiləri sırasında yer alıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: