Monqolustanın paytaxtı Ulan-Bator şəhərində təşkil olunmuş cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə dünyanın 45 ölkəsindən 349 idmançı mübarizə aparır.
Azərbaycan milli komandası yarışda 8 çəki dərəsində 13 cüdoçu (10 kişi, 3 qadın) ilə təmsil olunur.
Bu gün – iyunun 24-də 2 çəki dərəcəsində 3 cüdoçumuz medallar uğrunda mübarizəyə qoşulub. Kişilər arasında İbrahim Əliyev və Nurlan Osmanov (hər ikisi -73 kq) və Zelim Tçkayev (-81 kq) tatamiyə çıxıblar. Amma ikinci yarış günü millimiz üçün uğursuz alınıb.
Nurlan Osmanov təsəlliverici görüşdə Vallteri Olinə (Finlandiya), İbrahim Əliyev eyni raundda yerli cüdoçu Erdenebayar Batzayaya uduzaraq medalsız qalıb. Zelim Tçkayev isə ilk dueldə Conqhun Vona (Cənubi Koreya) yenilərək mübarizəni dayandırıb.
Xatırladaq ki, ilk yarış günündə mübarizəyə qoşulmuş 5 cüdoçumuzdan da dördü medalsız qalmışdı. Onlardan yalnız Yaşar Nəcəfov (66 kq) bürünc medal qazana bilmişdi.
“Böyük Dəbilqə” iyunun 25-də başa çatacaq. Sonuncu yarış günündə daha beş cüdoçumuz mübarizə aparacaq:
-90 kq
Murad Fətiyev – Qan-Erdene Tserenbat (Monqolustan)
Elcan Hacıyev – Mansur Lorsanov (Fərdi Neytral İdmançılar)
-100 kq
Zelim Kotsoyev – Conqhun Von (Cənubi Koreya) / Xuderçulun Bayartsenqel (Monqolustan) cütünün qalibi ilə
+100 kq
Uşanqi Kokauri – Munqun-Erdene Tumurçudur (Monqolustan)
Camal Qamzatxanov – Vladut Simionesku (Rumıniya)
Cüdoçularımız mötəbər yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçi Elçin İsmayılov, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və böyük performans analitik Zaur Babayevin rəhbərliyi altında çıxış edirlər.
İdmançılarımız 26 iyun – 1 iyul aralığında Ulan-Batorda təşkil olunacaq təlim-məşq toplanışına da qatılacaqlar.
Azərbaycan Cüdo Federasiyasının A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev də “Böyük Dəbilqə” turnirinin ədalət təmsilçiləri sırasındadır.


