Brayan Moreno rəsmən “Neftçi”də

Kolumbiyalı mərkəz hücumçusu Brayan Moreno bundan sonra Azərbaycan klubu “Neftçi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Ağ-qaralar” bu gün qış fasiləsi dönəmində daha bir transferini rəsmiləşdirib. Kolumbiyalı hücumçu Brayan Morenoyla 1,5 illik müqavilə bağlanıb. 24 yaşlı futbolçu yeni komandasının heyətində 88 nömrəli formanı geyinəcək.

Brayan Moreno buna qədər Kolumbiyanın “Atletiko Uila” (2019-2021) və Bolqarıstanın ÇSKA (Sofiya, 2022-2023) klublarında çıxış edib. O, 2022-ci ilin yanvarından çıxış etdiyi ÇSKA-da bütövlükdə 39 oyuna çıxıb, 10 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. “Neftçi”nin yeni transferi Bolqarıstan klubundan yanvarın 7-də azad agent kimi ayrılmışdı.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl syerra leoneli vinger Alfa Konteni transfer etmişdi. Paytaxt klubu Aaron Olanare ilə yollarını ayırıb, İsmayıl Zülfüqarlı və Fərid Yusiflini də “Turan Tovuz”a icarəyə veriblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: