Cəlal Hüseynov mövsümün son matçında 7 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 21 yaşlı müdafiəçi Bolqarıstan çempionatının 2023/2024 mövsümünün sonuncu – 36-cı turu çərçivəsində baş tutan Plovdiv “Botev”i ilə oyunun iştirakçısı olub.

“Arda” səfərdə baş tutan bu qarşılaşmadan qələbə ilə ayrılıb – 1:0. Hüseynov bu görüşün 83-cü dəqiqəsində meydana buraxılıb.

“Arda” bu qələbədən sonra Avropa Konfrans Liqasına vəsiqə uğrunda qrupda 51 xalla 2-ci, 16 iştirakçı arasında isə 8-ci yeri tutub. Cəlalın komandası Avropa Konfrans Liqasına vəsiqə qazanmaq üçün dörd iştirakçıdan ibarət bu qrupda birinci (7-ci) yeri tutmalı idi. Amma bu vəsiqəni 52 xalla birinci olan ÇSKA 1948 (Sofiya) komandası əldə edib.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. “Arda” onu “Zirə”dən transfer edib. Azərbaycanlı futbolçu bu komandada 34 rəsmi oyuna çıxıb, 1 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: