Cakomo Bonaventura İtaliya millisinin rekordçusu oldu

“Fiorentina”nın mərkəz yarımmüdafiəçisi Cakomo Bonaventura İtaliya millisinin heyətində ilk qolunu vuran ən yaşlı futbolçu olub.

Arena.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsində ötən gecə baş tutan Malta ilə ev oyununda (4:0) ilk qoluna imza atıb.

Beləliklə, 34 yaş 53 günlük olan Bonaventura İtaliya millisində debüt qolunu vuran ən yaşlı futbolçuya çevrilib. O, buna qədər yığmanın heyətində heç vaxt qol vurmamışdı.

İtaliya yığmasında Bonaventuradan əvvəlki rekordçu Çiççio Kaputo idi. “Sassuolo”nun futbolçusu 2020-ci ildə keçirilmiş İtaliya – Moldova oyununda fərqlənəndə 33 yaş 62 günlük idi.

Xatırladaq ki, Bonaventura 2013-cü ildən İtaliya millisinə dəvət edilir. 3 il idi yığmaya çağırılmayan “Fiorentina”nın yarımmüdafiəçisi millidəki ilk qolunu 15-ci oyununda vurub.

Cakomo Bonaventura 2020-ci ilin sentyabrından “Fiorentina”nın uğurları üçün çalışır. O, Florensiya klubunun heyətində 130 oyuna çıxıb, 18 qol vurub, 20 məhsuldar ötürmə edib. Təcrübəli yarımmüdafiəçisi “Perqoletteze”, “Padova”, “Atalanta” və “Milan” kimi klubların da şərəfini qoruyub.