İtaliya yığmasının “Parma”, “Yuventus” və PSJ-nin sabiq qapıçısı Canluici Buffon xəcalət çəkdiyi gənclik əməlləri haqda danışıb.
Arena.az “La Repubblica” dərgisinə istinadən, Buffonun bu barədə xatirəsini təqdim edir:
“Xüsusilə gənc olanda çoxlu səhv etmişəm. Ən az fəxr etdiyim məqam, attestatı almağımdır. İndi mən bunu etməzdim, çünki orada nəsə səhv bir məqam var, məsələn, kəsə yolla getmişəm, bunun isə heç vaxt pərəstişkarı olmamışam. Mən qeyri-kamilliyimin başqalarına insanlıq haqqında təsəvvür verdiyini və məni insanlara daha da yaxınlaşdırdığını düşünməyi xoşlayıram”, deyə “Cici” bildirib.
Xatırladaq ki, 2023-cü ilin avqust ayının 2-də “Cici” futbolçu karyerasına xitam verdiyini bəyan etmişdi. “Parma”nın yetirməsi olan qolkiperin futbol aləmində tanınması elə bu klubdakı çıxışı ilə bağlıdır (1995-2001). Ardınca istedadlı qapıçı “Yuventus”a keçib və bir qapıçı kimi yüksək səviyyəyə tərəqqi edərək ən güclülərdən birinə çevrilib. 2001-2018-ci illərdə “qoca sinyora”nın heyətində çıxış etmiş Buffon, 2018-2019 mövsümünü PSJ-də keçirib və yenidən Turinə qayıdaraq daha iki il “Yuventus”da çıxışını davam etditib (2019-2021). 2021-2023-cü illər “Cici” üçün xüsusilə əlamətdardır. O, doğma klubu “Parma”ya qayıdaraq, komandanın A Seriyasına çıxması üçün böyük səylə çalışsa da, son anda bu imkanı əldən verib.
Canluici “Yuventus”la 10 dəfə İtaliya çempionu olub, 5 dəfə İtaliya Kubokunu, 6 dəfə İtaliya Super Kubokunu qazanıb.
Maraqlıdır ki, əfsanəvi qapıçı Çempionlar Liqasını qazanmağa üç dəfə yaxın olsa da, hər dəfə gümüş medalla kifayətlənməli olub (2003, 2015, 2017).
Canluici Buffon 2006-cı ildə İtaliya yığmasının heyətində Dünya Kubokunun qalibi olub.


