İtaliyanın “Milan” klubunun qapıçısı Canluici Donnarumma bu komandadan ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə klubun idman direktoru Paolo Maldini yerli mətbuata açıqlamasında məlumat verib.
O, 22 yaşlı qolkiperin müqavilə müddətinin bu ayın sonunda başa çatdığını və klubdan ayrıldığını bildirib. Klub rəhbərliyi ondan maaşının azaldılmasını xahiş etsə də, futbolçu bunu qəbul etməyib və ayrılmağa qərar verib.
Qeyd edək ki, Donnarumma 2020/21 mövsümündə “Milan”ın heyətində 48 matçda meydana çıxıb. Bu klubun öz yetirməsi olan futbolçu, “Milan”da bütövlükdə 251 matç keçirib. O, İtaliya yığmasında da 25 matça çıxıb.
Yeri gəlmişkən, “Milan”ın əsas azarkeş qruplarından olan “Curve Sud”, yeni müqavilə təklifində məvacibinin az olmasını istəməyən və komandadan ayrılmağa qərar verən Canluici Donnarumma ilə bağlı vida mesajı paylaşıb. Qrupun lideri “İnstagram” hesabında futbolçunun bu hərəkətinə sərt reaksiya verib:
“Daha əvvəl bu azarkeş qrupu səni bağışlamışdı. Çünki bu müqəddəs formanı geyinən hər kəs ikinçi şansa layiqdir. Möhtəşəm komandamızda 20 yaşında kapitanlıq etdin. İldə 6 milyon avro qazandığın halda, Çempionlar Liqasında oynayacaqdın, ancaq sən daha çox pulu üstün tutdun. Sən hər zaman hər şeyin daha artığını istədin. Sənə çoxlu pul, çoxlu ev, çoxlu maşın arzulayırıq. Bu gün itirdiklərini sabah geri ala bilməyəcəksən. İnsanların hörməti sənə baxdıqlarında “həqiqətən, gözəl bir insandır” deməsi ilə olur. Lakin sən heç vaxt bunu görməyəcəksən. Hər zaman nankor uşaq kimi xatırlanacaqsan”.


