“Çelsi”də Ris Ceyms şoku – Trevo Çaloba da sıradan çıxdı

İngiltərənin “Çelsi” klubunun sağ cinah müdafiəçisi Ris Ceyms və mərkəz müdafiəçisi Trevo Çaloba məşq zamanı zədələniblər.

Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Ceyms ombasını zədələyib. Hazırda komandanın yeni kapitanı tibbi müayinənin nəticəsini gözləyir. Ceyms bir neçə ay yaşıl meydanlardan kənarda qalmaq ehtimalı ilə üz-üzədir. Ris hələ Premyer Liqanın 1-ci turu çərçivəsində “zadəganlar”ın “Liverpul”a qarşı keçirdiyi oyunun 76-cı dəqiqəsində əvəzlənmişdi.

“Mavilər”in digər müdafiəçisi Trevo Çaloba da məşqdə aldığı zədə səbəbindən sıradan çıxıb. Syerraleoneəsilli mərkəz müdafiəçisinin bəxti bir qədər gətirib. O, təxminən bir aya meydana qayıda bilər.

Sağ cinah müdafiəçisi Ris Ceyms geridə qalmış 2022/2023 mövsümündə “Çelsi”nin heyətində 24 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Çaloba isə ötən mövsüm “zadəganlar”ın heyətində 33 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Ris Ceymsi 65 milyon avro, 24 yaşlı Trevo Çalobanı isə 18 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: