Cessi Bisivu “Barselona” ilə müqavilə imzaladı

Belçikanın “Brügge” klubunun cinah hücumçusu Cessi Bisivu bundan sonra İspaniya çempionu “Barselona”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir.

“Barsa” 18 yaşlı perspektivli futbolçu ilə 5 illik müqavilə bağlayıb. Razılaşma 2031-ci ilin iyununun sonunadək qüvvədə olacaq.

Belçikalı vingerin keçidi üçün ödənilən təzminat məbləği 8,5 milyon avro təşkil edib. Bundan əlavə, “Brügge” rəhbərliyi futbolçunun gələcək satışından əldə olunacaq məbləğin 20 faizinə sahib olmaq hüququnu özündə saxlayıb.

Cessi Bisivu 2023-cü ildən Belçika nəhənginin strukturunda çıxış edirdi və əsasən klubun ehtiyat komandasında forma geyinirdi. Gənc futbolçu geridə qalan mövsümdə farm-komandanın heyətində bütün turnirlər nəzərə alınmaqla 23 rəsmi oyunda iştirak edib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına əsasən, Bisivunun hazırkı bazar dəyəri cəmi 800 min avro qiymətləndirilir. Buna baxmayaraq, “Barselona” futbolçu üçün onun nominal qiymətindən xeyli yüksək məbləğ ödəyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: