İsveçrə yığmasının və Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun mərkəz yarımmüdafiəçisi Cibril Sou “Sevilya”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.
İspaniya klubu bu transferə görə 10 milyon avro ödəyib. 26 yaşlı Seneqal əsilli futbolçu ilə 5 illik müqavilə imzalanıb.
“Sürix”in yetirməsi olan, “Yanq Boyz” və Mönhenqladbah “Borussiya”sında da oynamış Cibril Sou 2019-cu ildən “Ayntraxt”ın uğurları üçün çalışırdı. O, bu komandada 160 oyuna 8 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub. Sou İsveçrə yığmasında da 38 oyun keçirib.
“Sevilya”nın hücumameyilli yarımmüdafiəçisi Roni Lopes də Portuqaliya “Braqa”sına keçib. 27 yaşlı braziliyalı futbolçu yeni klubu ilə azad agent kimi 3 illik sözləşmə imzalayıb. “Sevilya” onu 2019-cu ilin avqustunda 25 milyon avroya “Monako”dan transfer etmişdi. Portuqaliya yığmasında da 2 oyun keçirmiş futbolçu “Lill”, “Nitsa”, “Olimpiakos”, “Trua” kimi klubların formasını geyinib.
“Ayntraxt”da daha 4 ayrılıq…
“Ayntraxt” Cibril Soundan başqa daha bir neçə futbolçusunu satıb. Belə ki, 21 yaşlı qapıçı Diant Ramay “Ayaks”a keçib. Niderland nəhəngi bu transferə görə Frankfurt klubuna 8 milyon avro ödəyib. “Haydenhaym”ın yetirməsi olan alman qolkiper 2021-ci ildən formasını geyindiyi “Ayntraxt”da cəmi 2 matça çıxıb, 2 qol buraxıb. O, Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Ayntraxt” hücumçusu Raqnar Axeni “Kayzerslautern”ə satıb. Klub bu satışdan 1 milyon avro qazanıb. 25 yaşlı alman forvard bu komandada cəmi 23 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb. O, “Sparta” (Rotterdam), “Qroyter” kimi klublarda, Almaniyanın gənclərdən ibarət yığmalarında da oynayıb.
Türkiyənin U-21 yığmasının üzvü olan Ali Akman da “Ayntraxt”dan ayrılıb və Belçikanın “Dender” klubuna keçib. 21 yaşlı hücumçu yeni klubu ilə 1+1 illik müqavilə bağlayıb. O, 2021-ci ildə müqavilə bağladığı Almaniya klubunun əsas komandasında debüt şansı qazanmayıb. “Bursaspor” və “Göztəpə”də oynamış futbolçu Niderland təmsilçisi “Neymegen”də də icarədə olub.
“Ayntraxt” kamerunlu müdafiəçisi Jerom Onqueneni də İsveçrənin “Servett” klubuna icarəyə verib. 25 yaşlı futbolçu qarşıdakı mövsümün sonuna kimi icarədə olacaq. O da “Ayntraxt”da debüt etməyib. Kamerun yığmasında 10 oyun keçirmiş müdafiəçi “Soşo”, “Zalsburq”, “Cenoa”, “Liferinq” kimi klubların formasını geyinib.
…və bir yeni futbolçu
“Ayntraxt” heyətinə yeni futbolçu da cəlb edib. Frankfurtlular Bundesliqanın digər təmsilçisi “Borussiya”dan (Dortmund) Nnamdi Kollinzi 1 milyon avro qarşılığında sıralarına qatıblar. 19 yaşlı alman müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. “Borussiya”nın əsas heyətində debüt etməmiş bu futbolçu Almaniyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
Yeri gəlmişkən, Dortmund “Borussiya”sının digər müdafiəçisi Sumaila Kulibali də icarə əsasında “Antverpen”ə keçib. Belçika klubu onu qarşıdakı mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb. 19 yaşlı fransız “Borussiya”nın əsas komandasında da 2 oyun keçirib.


