Çingiz Hüseynzadə istefa verdi, Cavid Qurbanovla əvəzləndi

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan Atletika Federasiyasının prezidenti postundan istefa verib. Arena.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, aprelin 1-də Azərbaycan Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.

Konfransın gündəliyi təsdiqləndikdən sonra federasiyanın prezidenti Ç.Hüseynzadə hesabat məruzəsi ilə çıxış edib və səsvermə ilə hesabat qəbul olunub. Sonra o, 1996-cı ildən federasiyaya rəhbərlik etdiyini qeyd edib və Olimpiya Hərəkatındakı fəaliyyətinə daha çox diqqət ayırmaq məqsədilə vəzifəsindən istefa verdiyini bildirib: “Federasiyadan istefa versəm də, idmandan getmirəm”.

Səsvermə ilə Ç.Hüseynzadənin istefası qəbul edilib. Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Azərbaycan Atletika Federasiyasının yeni prezidenti seçilib. C.Qurbanov göstərilən etimada görə təşəkkür edib və bildirib ki, bundan sonra atletikanın inkişafı üçün əlindən gələni edəcək. O həmçinin federasiyanın bundan əvvəlki rəhbərliyinə də ötən dövrdəki fəaliyyətinə görə təşəkkür edib.

Konfransda həmçinin Müşfiq Tukanov və Könül Nurullayeva vitse-prezident, Şəlalə Yaqubova, Bülənt Karani, Nazim Babayev və Rauf Qasımzadə İdarə Heyətinin üzvü seçiliblər.

Xatırladaq ki, Çingiz Hüseynzadə 1996-cı ildən Azərbaycan Atletika Federasiyasının prezidenti vəzifəsində çalışırdı. O, 1997-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti kimi də fəaliyyət göstərir. Ç.Hüseynzadə həm də Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvüdür.

Azərbaycan Atletika Federasiyasının yeni prezidenti Cavid Qurbanov isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavinidir. O, 2007-2014-cü illərdə “Azərreyl” voleybol klubunun prezidenti olub. 12 oktyabr 2016-cı il tarixindən Azərbaycan Voleybol Federasiyasının prezidenti vəzifəsində çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaş: