ÇL-də iki məğlubiyyətlə “Barselona” 6 milyon avro itirib

“Barselona” cari Çempionlar Liqasının qrup mərhələsinin yekunlarına görə UEFA-dan pul mükafatından məhrum olub.

Arena.az bu barədə “Diario Sport” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin 4-cü və 6-cı turlarındakı məğlubiyyətlərə görə klub ümumilikdə 5,8 milyon avro məbləğində pul itirib.

Xatırladaq ki, kataloniyalılar bu səfər oyunlarında Ukraynanın “Şaxtyor” (0:1) və Belçikanın “Antverpen” (2:3) klublarına uduzmuşdular. Amma bu məğlubiyyətlərə rəğmən, Kataloniya təmsilçisi qrup qalibi olmağı bacarıb.

Çempionlar Liqasının ələmə mərhələsinə vəsiqə qazanmış “Barsa” son 3 ildə ilk dəfə bu mərhələdə mübarizə aparacaq. 1/8 finalda Kataloniya nəhnginin rəqibi cari İtaliya çempionu “Napoli”dir.

La Liqada keçirdiyi 18 turdan sonra “Barselona” 38 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: