Bu gün Monakoda futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026 mövsümünün əsas mərhələsinin püşkatma mərasimi keçirilib.
Arena.az xəbər verir ki, Bakı vaxtı ilə saat 20:00-da təşkil olunmuş tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibləri müəyyənləşib.
Ağdam klubunu ÇL-in Liqa mərhələsinin püşkatma mərasimində vitse-prezident Fevzihan Aras, baş direktor və idarə heyətinin üzvü Emrah Çelikel, İdarə heyətinin üzvü Asif Əsgərov, Əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev, Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev təmsil ediblər.
Püşkatmada 36 komanda 4 səbətə bölünmüşdü. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdə qərarlaşmışdı.
Püşk Ağdam klubunun bəxtinə əvvəlcə İngiltərə təmsilçiləri – “Çelsi” və “Liverpul”u çıxarıb. Portuqaliyanın “Benfika”, Almaniyanın “Ayntraxt”, Niderlandın “Ayaks”, İtaliyanın “Napoli”, İspaniyanın “Atletik” və Danimarkanın “Kopenhagen” klubları da “Qarabağ”a rəqbi olublar:
1-ci səbətdən
“Çelsi” (İngiltərə) – evdə
“Liverpul” (İngiltərə) – səfərdə
2-ci səbətdən
“Benfika” (Portuqaliya) – səfərdə
“Ayntraxt” (Almaniya) – evdə
3-cü səbətdən
“Ayaks” (Niderland) – evdə
“Napoli” (İtaliya) – səfərdə
4-cü səbətdən
“Atletik” (İspaniya) – səfərdə
“Kopenhagen” (Danimarka) – evdə






