Niderlandlı yarımmüdafiəçi Corginyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda davam etdirəcək.
Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu yeni klubu ilə “1+1” formatında müqavilə imzalayıb.
Razılaşma bir mövsüm üçün nəzərdə tutulub və tərəflərin istəyindən asılı olaraq daha bir il uzadıla bilər.
Veynaldum “Əl-İttihad”a azad agent kimi keçib. Onun son klubu digər Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-İttifaq” olub. Yarımmüdafiəçi 2023-cü ildən çıxış etdiyi bu komandada ötən mövsüm 34 rəsmi oyuna çıxıb, 17 qol vurub və 7 məhsuldar ötürmə verib.
Karyerası ərzində Veynaldum “Feyenoord”, PSV, “Nyukasl”, “Liverpul”, PSJ və “Roma”nın formasını geyinib. O, “Liverpul”la İngiltərə çempionu və UEFA Çempionlar Liqasının qalibi olub.
Corcinyo Veynaldum Niderland millisinin heyətində 2014-cü il dünya çempionatının bürünc, 2019-cu il UEFA Millətlər Liqasının gümüş medalını qazanıb.


