Coşqun Diniyev və Bəxtiyar Həsənalızadə “sülh”lə ayrıldılar

Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor”, Bəxtiyar Həsənalızadə isə “Tuzlaspor” komandasında növbəti matçlarına çıxıblar.

Arena.az xəbər verir ki, futbolçularımızın komandaları bu gün Türkiyə Birinci Liqasının 11-ci turu çərçivəsində bir-biri ilə qarşılaşıblar.

Sözügedən kollektivlər “Ümraniyəspor”un meydanında üz-üzə gəliblər. Tərəflər yekunda meydanı heç-heçə ilə tərk ediblər – 1:1. Hesabı 14-cü dəqiqədə “Ümraniyəspor” açsa da, “Tuzlaspor” 20-ci dəqiqədə bərabərlik qolunu vurub. Qalan dəqiqələrdə hesab dəyişməz qalıb.

Coşqunla Bəxtiyar start heyətdə meydana çıxıblar. Onlar sonadək meydanda qalıblar.

Bu heç-heçədən sonra “Ümraniyəspor” 9 xalla 16-cı, “Tuzlaspor” isə 8 xalla 17-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la bu ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 12 oyuna çıxıb, 1 qola imza atıb, 1 məhsuldar ötürmə müəllifi olub.

Bəxtiyar Həsənalızadə də “Tuzlaspor”la bu ilin avqust ayında 2 illik müqavilə bağlayıb. 30 yaşlı futbolçu Türkiyə təmsilçisində 8 oyuna çıxıb və 1 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: