ÇSKA “Qarabağ”la Bakıdakı oyunda azarkeşsiz qalacaq

Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Sofiya ÇSKA-sı Bakıda keçiriləcək ilk oyunda azarkeşsiz oynayacaq.

Arena.az bu barədə Bolqarıstan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəbərdə vurğulanır ki, klub UEFA tərəfindən cəzalandırılıb. Buna Avropa Liqasının 1-ci təsnifat mərhələsinin “Derri Siti” (Şimali İrlandiya) ilə cavab görüşü zamanı bolqarıstanlı fanatların nümayiş etdirdiyi intizamsız davranışlar səbəb olub. Həmin oyunda hər iki komandanın azarkeşləri arasında insident baş verib, nəticədə oyun 15 dəqiqə dayandırılıb. UEFA isə Sofiya klubunun növbəti səfər matçında azarkeşlərinin iştirakına qadağa qoyub. Həmçinin, klub 55 min avro cərimə edilib.

Qeyd edək ki, “Qarabağ” və ÇSKA arasındakı ilk qarşılaşma sabah – iyulun 23-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə iyulun 30-da Sofiyada baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: