Cud Bellingem çoxmilyonluq reklam müqaviləsi imzalaya bilər

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem Fransanın “Louis Vuitton” moda evi ilə çoxmilyonlu reklam müqaviləsi imzalaya bilər.

Arena.az “Daily Mail” dərgisinə istinadən məlumat verir ki, sözügedən şirkət Bellingemə bununla bağlı təklif etməyə hazırlaşır.

“Louis Vuitton” əvvəllər yalnız Kristiano Ronaldo, Lionel Messi, Zinəddin Zidan, Dieqo Maradona, həmçinin “Futbol Kralı” Pele ilə əməkdaşlıq edib.

Gənc Bellingem dəbə böyük maraq göstərir. Oktyabrın 30-da baş tutmuş “Qızıl top”un təqdimatı mərasimində ingilis futbolçu “Louis Vuitton” kostyumu və çəngəli şalvar geyinib.

Bellingem Madrid “Real”ına iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

Cari mövsümdə Bellingem Madrid təmsilçisinin heyətində 14 oyuna çıxıb. O, bu oyunlarda 13 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Gənc yaşına rəğmən, Cud Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. Cud yığma komandanın heyətində 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Vurğulayaq ki, hazırda Bellingem aldığı yüngül çiyin zədəsini sağaltmaqla məşğuldur və gənc istedadın iki həftəyə qədər yaşıl meydanlardan kənarda qalacağı təxmin edilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: