Cud Bellingem: “O, məni ruhlandıran oyunçudur”

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem ən yaxşı gənc oyunçuya təqdim edilən “Kopa mükafatı”nın qalibi kimi şərh verib.

Arena.az “Marca” nəşrinə istinadən Bellingemin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Bu mükafata görə hər kəsə təşəkkür etmək istəyirəm. Zidanın “Real”da beş nömrəsi? Zidanın uğurlarına nail olmaq üçün getməli olduğum uzun yol var, amma o, məni ruhlandıran oyunçudur”, deyə Bellingem bildirib.

Cud Bellingem “Real”a iyunun əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər. Bellingem “Real”la müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqavilə imzalayıb.

Cari mövsümdə Bellingem “qaymaqlılar”ın heyətində 13 oyunda 13 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yaşına rəğmən, Bellingem 2020-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasında 27 oyun keçirib. O, bu oyunlarda 2 qol vurub, 5 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 20 yaşlı Cud Bellingemi 150 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: