Cud Bellingem üçün 26 oyun – 26 səmərəli fəaliyyət!

La Liqanın 21-ci turunda “Almeriya”ya qarşı oyun (3:2) “qaymaqlılar”ın mərkəz yarımmüdafiəçisi Cud Bellingem üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, ingilis futbolçu “Real”ın evdə 3:2 hesablı əzmkar qələbə qazandığı oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Gənc yarımmüdafiəçi oyunun 57-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaldıb – 1:2. Oyunun əsas vaxtına əlavə edilmiş təzminat vaxtında isə (90+9) Cud, Daniel Karvaxala məhsuldar ötürmə verməklə, qələbədə böyük pay sahibi olub.

Vurğulayaq ki, buna qədər hakim oyunun 77-ci dəqiqəsində Bellingemin vurduğu qolu oyundankənar vəziyyət kimi qiymətləndirərək, hesaba almayıb.

Beləliklə Bellingem “Real”ın heyətində bütün yarışlarda meydana çıxdığı 26 oyunda 18 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib ki, bu da orta hesabla hər oyunda 1 səmərəli fəaliyyət deəmkdir.

Hazırda Bellingem 14 qolla La Liqanın ən sərrast futbolçusu adını “Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbiklə bölüşür.

Xatırladaq ki, ötən həftə Bellingem ənənəvi “Globe Soccer Awards” mərasimində 2023-cü ilin ən yaxşı gənc oyunçusu seçilmişdi.

Bellingem “Real”a cari ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi üçün 103 milyon avro xərc çəkib. Üstəlik, almanlar 30% bonus məbləğini əlavə qazanc olaraq əldə edə bilərlər.

Bellingem İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.

“Transfermarkt” internet-portalı 20 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Bellingemin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: