Cüdo: Avropa Kubokunun ilk günündə 5 medal

İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında təşkil olunmuş cüdo üzrə Avropa Kubokuna start verilib.

Arena.az xəbər verir ki, bu yarışda iştirak edən Azərbaycan millisinin üzvləri ilk günü uğurlu nəticələrlə başa vurublar.

Belə ki, Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə ediblər.

Turnirin ilk günündə kişilər arasında -60 kq, -66 kq və -73 kq çəki dərəcələrində 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Nazir Talıbov (-66 kq) bu yarışı qızıl medalla başa vurub. Rövşən Əliyev (-60 kq) və Rəşad Yelkiyev (-66 kq) bürünc medal əldə ediblər. -73 kq çəkidə final görüşündə iki cüdoçumuz – Kamran Süleymanov və Nəriman Mirzəyev qarşılaşıb. Nəticədə Nəriman Mirzəyev qızıl, Kamran Süleymanov isə gümüş medal əldə edib. İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.

Xatırladaq ki, iyunun 16-da başa çatacaq turnirə 31 ölkədən 356 cüdoçu qatılıb. Cüdo yığmamız bu turnirə 7 çəki dərəcəsində 14 idmançı ilə yollanıb. Cüdoçulara böyüklərdən ibarət yığmamızın böyük məşqçisi Slavko Tediç rəhbərlik edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: