Sloveniyanın Podçetrtek şəhərində böyüklər arasında təşkil olunmuş cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları 15-16 iyunda keçirilmiş yarışda medal əyarına görə ilk sırada yer alıb.
Cüdoçularımız iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutublar.
Medal sıralamasında Macarıstan (2-2-6) ikinci, Almaniya isə (2-2-3) üçüncü yeri tutub.
Yarışın ikinci günündə kişilər arasında 4 çəki dərəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. Məhərrəm İmamverdiyev (-81 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İmran Yusifov qızıl (+100 kq), eyni çəki dərəcəsində yarışan Camal Feyziyev bürünc medal qazanıb. Ruslan Nəsirli (-100 kq) isə yarışı 7-ci yerdə tamamlayıb.
Xatırladaq ki, ilk yarış günündə də Nazir Talıbov (-66 kq) yarışı qızıl medalla başa vurmuşdu. Rövşən Əliyev (-60 kq) və Rəşad Yelkiyev (-66 kq) bürünc medal əldə etmişdilər. -73 kq çəkidə final görüşündə iki cüdoçumuz – Kamran Süleymanov və Nəriman Mirzəyev qarşılaşmışdı. Nəticədə Nəriman Mirzəyev qızıl, Kamran Süleymanov isə gümüş medal əldə etmişdi. İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənmişdi.
Turnirdə 16 ölkənin cüdoçuları medal qazanıb. Avropa Kubokuna 31 ölkədən 356 cüdoçu qatılmışdı. Cüdo yığmamız bu turnirə 7 çəki dərəcəsində 14 idmançı ilə yollanmışdı. Cüdoçulara böyüklərdən ibarət yığmamızın böyük məşqçisi Slavko Tediç rəhbərlik edib.


