Cüdo millilərimiz üçün Dubrovnik və Poznan sınağı

Aprelin 5-də və 6-da Xorvatiyanın Dubrovnik şəhərində cüdo üzrə böyüklər arasında təşkil olunmuş Avropa Kuboku keçiriləcək.

Arena.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirdə Azərbaycan 10 çəki dərəcəsində 21 cüdoçu ilə (13 kişi, 8 qadın) təmsil olunacaq.

Cüdoçulara böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elxan Məmmədovla Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Ölkəmizi 21 idmançı təmsil edəcək ki, dəfələrlə “Böyük Dəbilqə”nin mükafatçıları olmuş Murad Fətiyev və Vüqar Talıbovun da mübarizə aparacaqları 90 kq-a qədər çəki dərəcəsində yarış xüsusilə diqqəti cəlb edir.

Heyətdə həmçinin Murad Muradlı, Elbrus Zamanov (hər ikisi 60 kq), Kamran Süleymanov, Eltac Yusifli, Bəhram Qurbanlı, Qasım Vəlizadə (hamısı 66 kq), İbrahim Əliyev, Aydın Rzayev, Kərim Allahverdiyev (81 kq), Məmmədrza Hacızadə və İbrahim Ağakişiyev (90 kq) də yer alıblar.

Qadınların turnirində Aydan Vəliyeva, Gültac Məmmədəliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (57 kq), Südabə Ağayeva, Günel Həsənli, Aytac Qardaşxanlı (hamısı 70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, yarışa 41 ölkədən 489 idmançı qatılacaq.

Azərbaycanın gənclərdən ibarət millisi də Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək. Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq turnirə 23 ölkədən 438 idmançı qatılacaq. Yığmamız yarışda 7 çəki dərəcəsində 12 cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edəcək.

Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev (66 kq), Mehdi Cəfərov, Əbil Yusubov (hər ikisi 73 kq), Cəsur İbadlı, Süleyman Şükürov (hər ikisi 81 kq), Əli Qazıməmmədov, Tuncay Şamil (hər ikisi 90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov və Eldar Əliyev (hər ikisi +100 kq) ümidləri doğrultmağa çalışacaqlar. Bu yarış da aprelin 5-6-da baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: