Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmələr arasında təşkil olunmuş cüdo üzrə Avropa Kubokuna yekun vurulub.
Arena.az xəbər verir ki, ötən gün start götürmüş və iki gün davam edən yarış Azərbaycan yığması üçün uğurlu alınıb.
37 ölkədən 776 idmançının qatıldığı turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəcəsində 15 nəfərdən ibarət heyətlə təmsil olunub.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik ediblər. Millimizin heyətində bu cüdoçular qüvvəsini sınayıblar:
50 kq. Bahadır Feyzullayev, Rüstəm Qasımzadə, Məhəmmədəli Hüsiyev;
55 kq. Qüdrət Yusif;
60 kq. Fərid Qarayev, Özqan Quliyev, Mirxaliq İsgəndərov, Nihad Rəhimov;
66 kq. Ümüd Qurbanov, Sadiq İsgəndərov, Kənan Sadıqov;
73 kq. Cəsur İbadlı;
81 kq. Mehdi Abbasov, Əli Qazıməmmədov;
+90 kq. Sübhan Axundov.
Avropa Kubokunun ilk günündə 11 cüdoçumuz mübarizə aparıb. Azərbaycan cüdoçuları ilk gündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıblar. 50 kq çəki dərəcəsinin final görüşündə iki Azərbaycan cüdoçusu Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəliblər. Nəticədə Bahadır Feyzullayev qızıl, Məmmədəli Hüsiyev isə gümüş medalları bölüşdürüblər. 60 kq-dakı final görüşündə də iki cüdoçumuz Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıblar. Nəticədə Nihad Rəhimov qızıl, Özqan Quliyev isə gümüş medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medala sahib olub. 66 kq-da Kənan Sadıqov qızıl, Ümüd Qurbanov isə bürünc medal əldə ediblər.
Avropa Kubokunun ikinci günündə 4 cüdoçumuz mübarizə aparıb. Onlar günü 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. 73 kq çəkidə Cəsur İbadlı gümüş medal əldə edib. 81 kq-da Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov isə bürünc medal qazanıblar. +90 kq çəkidə isə Sübhan Axundov 5-ci yerlə kifayətlənib.
Beləliklə, cüdo yığmamız turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Azərbaycan millisi medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.


