Cüdo: Millimiz Avropa Kubokunda 16 medalla 1-ci oldu

Bu gün Türkiyənin Antalya şəhərində təşkil olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

Arena.az xəbər verir ki, 39 ölkədən 948 idmançı iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparıblar.

Azərbaycan yarışda 13 çəki dərəsində 37 oğlan və 20 qız cüdoçu ilə təmsil olunub. Turnirin ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanmışdılar.

Bu gün isə cüdoçularımız daha 4 medal əldə ediblər. Yarışın ikinci günündə oğlanlar arasında Mehdi Abbasov (-81 kq) və Sübhan Axundov (+90 kq) gümüş medal əldə ediblər. Qızlar arasında isə Aytən Verdiyeva (-57 kq) gümüş, Nilgün Rzayeva (-57 kq) bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları bu yarışı 16 medalla (4 qızıl, 5 gümüş və 7 bürünc) başa vurublar. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.

Xatırladaq ki, yarışın ilk günündə oğlanlar arasında Bahadır Feyzullayev (-50 kq) və Nihad Məmişov (-55 kq) qızıl medal əldə etmişdilər. Qüdrət Yusif (-55 kq), Mirxaliq İskəndərov (-60 kq), Ümüd Qurbanov (-66 kq) və Kənan Sadıqov (-66 kq) bürünc medala sahib olmuşdular.

Qızlar arasında Xədicə Abdullayeva (-40 kq) və Vüsalə Hacıyeva (-52 kq) Avropa Kubokunun qalibi olmuşdular. Leyla Ələkbərova (-44 kq) və Aysun Məmmədova (-52 kq) gümüş medal əldə etmişdilər. Nərmin Məmmədli (-44 kq) və Diana Eldarova (-48 kq) isə bu turnirdə bürünc medal qazanmışdılar.

Yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Arzu Acalova ədalət təmsilçiləri arasında yer alıb.