Cüdo millimiz Bakıdakı “Böyük Dəbilqə”ni 8 medalla bitirdi

Azərbaycanda təşkil olunmuş və fevralın 16-da start götürmüş cüdo üzrə “Böyük Dəbilqə” turnirinə bu gün yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu yarış günündə daha 8 cüdoçumuz mübarizəyə qoşulub.

Belə ki, son gündə Nigar Süleymanova (+78 kq), Murad Fətiyev, Elcan Hacıyev, Vüqar Talıbov (hamısı 90 kq), Zelim Kotsoyev, Əjdər Bağırov (hər ikisi 100 kq), Camal Qamzatxanov və Kənan Nəsibov (hər ikisi +100 kq) tatamiyə çıxıblar.

Onlardan üçünün çıxışı uğurlu alınıb. Murad Fətiyev qızıl, Camal Qamzatxanov gümüş, Vüqar Talıbov isə bürünc medal əldə edib.

Murad Fətiyev (90 kq) finalda macarıstanlı Kristian Totu məğlub edərək birinci olub.

Eyni çəkidəki Vüqar Talıbov isə bürünc medal uğrunda fransalı Aleksis Mateyuya qalib gəlib.

Camal Qamzatxanov (+100 kq) da Valeri Endovitski ilə qızıl mükafat uğrunda mübarizədən məğlub ayrıldığı üçün “gümüş”lə kifayətlənib.

Xatırladaq ki, daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) qızıl, Ömər Rəcəbli (81 kq) gümüş, Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc mükafat qazanmışdılar.

Bununla da Azərbaycan cüdoçuları Bakıda keçirilən “Böyük Dəbilqə” turnirini 8 mükafatla başa vurublar. Bu göstərici ilə yığmamız turnirin medal sıralamasında birinci olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: