Cüdo üzrə Azərbaycan millisinin üzvləri Qazaxıstanın Türküstan vilayətində keçirilən Türk Dövlətləri Universiadasında iştirak ediblər.
Arena.az xəbər verir ki, Azərbaycan cüdoçuları yarışın ikinci günündə daha 7 (2 qızıl, 1 gümüş və 4 bürünc) medal qazanıblar.
Qızlar arasında Südabə Ağayeva (-70 kq) qızıl medal qazanıb. Elnarə Rəşidova (+78 kq) gümüş medalla kifayətlənib. Nərmin Əmirli (-78 kq) və Nigar Süleymanova isə bürünc medal əldə ediblər.
Oğlanlar arasında +100 kq çəkidə Camal Feyziyev qızıl medala sahb olub. Nihad Şıxəlizadə (-90 kq) və İlkin Baxşəliyev (-100 kq) isə bürünc medal əldə ediblər.
Beləliklə, Azərbaycan cüdoçuları sayca ikinci Türk Dövlətləri Universiadasında 3 qızıl, 2 gümüş və 7 bürünc medal əldə edərək ümumilikdə 12 medal qazanıblar. Cüdoçularımıza yarışda gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edib.
Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri Mehman İmamquliyev və İslam Nəcəfov ədalət təmsilçiləri arasında yer alıblar.
Xatırladaq ki, ötən gün millimizin üzvləri 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə etmişdilər. Qızlar arasında -48 kq çəki dərəcəsində mübarizə aparan Ramilə Əliyeva qızıl medal qazanmışdı. -57 kq çəkidə mübarizə aparan Nuray Quliyeva və Nərgiz Hacıyeva isə bürünc medala sahib olmuşdular. Oğlanlar arasında Elcan Yusifli (-66 kq) gümüş medal qazanmışdı. -81 kq çəkidə yarışan Elcan Şəfiyev isə bürünc medal əldə etmişdi


