Cüdo üzrə Azərbaycan çempionatının püşkü atıldı

Dekabrın 15-dən 17-nə qədər Hövsanda cüdo üzrə qadınlar və kişilər arasında növbəti Azərbaycan çempionatı keçiriləcək.

Arena.az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçiriləcək yarışda qadınlar və kişilər arasında 14 çəki dərəcəsində qaliblər bəlli olacaq.

Yarışda ölkənin müxtəlif regionlarından, Sumqayıt və Bakı şəhərindən 65 müxtəlif klub, cəmiyyət və idman təşkilatından olan 351 cüdoçu medallar uğrunda mübarizə aparacaq.

Çempionatın ilk günündə qadınlar arasında -48 və -63, kişilər arasında -60 və -81 kq çəki dərəcələri üzrə qaliblər bəlli olacaq. İkinci gündə qadınlar arasında -52 və -70, kişilər arasında -66 və -90 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək. Sonuncu gündə isə qadınlar arasında -57, -78 və +78, kişilər arasında -73, -100 və +100 kq çəkilərdə qaliblərin adlarına aydınlıq gələcək.

Bu gün Azərbaycan çempionatının ilk yarış gününün püşkü atılıb. Püşkatmanın nəticələrinə görə cüdoçuların ilk rəqibləri məlum olub. Yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu arasında qaliblər bəlli olacaq. İlkin görüşlər saat 10:00-da, final görüşləri isə 16:00-da keçiriləcək.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Xəbəri sosial şəbəkələrdə paylaş: